Konstitusiya dəyişikləri ilə bağlı müxalifət nə fikirləşir?

Konstitusiya dəyişikləri ilə bağlı müxalifət nə fikirləşir?
19 İyul 2016
Mətni dəyiş
Prezident İlham Əliyevin sərəncamı ilə rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi açıqlanıb.
Müxalifət liderləri bu dəyişiklərlə bağlı nə fikirləşir? 
Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, görünür, hakimiyyət mövcud qanunvericiliyi kifayət qədər ciddi avtoritar, monarxist rejim qurmaqdan ötrü yetərli hesab etmir: "Ona görə də Konstitusiyada dəyişikliklər etmək qərarına gəlib. Hakimiyyət ölkədə monarxiya rejimi qurmağa, hətta 5 ildən bir saxta seçkilər keçirərək özlərinə problem yaratmamağa çalışır".
Arif Hacılı prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması və prezident seçilmək üçün qoyulan 35 yaş məhdudiyyətinin götürülməsini ailədən kənar namizədlərin qarşısının alınması kimi dəyərləndirir: "Hakimiyyət ailədən kənar şəxslərin yaş həddi və digər məsələlərlə bağlı namizəd axtarışlarını belə əngəlləməyə çalışır. Faktiki olaraq, öz gücünü diktə edir, cəmiyyəti bu yolla tamamilə əzməyə, cəmiyyətdə gələcəkdə demokratik inkişafa ümidsizlik, çıxılmazlıq əhval-ruhiyyəsi yaratmağa çalışır".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, bu konstitusiya dəyişikliklərinin bir məqsədi var - İlham Əliyevin istədiyi müddətə qədər hakimiyyətdə qalmasına şərait yaratsın, sonra da istədiyi vaxt asanlıqla heç kimdən soruşmadan, heç kimdən asılı olmadan hakimiyyəti ailə üzvlərindən birinə ötürsün: "Bu məqsədlə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılır, vitse-prezidentlər və birinci vitse-prezident statusu təyin olunur. Prezident seçilmək üçün indiyə qədər Konstitusiyada olan 35 minimum yaş aradan qaldırılır. Deməli, İlham Əliyev hakimiyyətini elə bir adama ötürməyi planlaşdırır ki, o adamın yaşı 35-dən azdır".
Ə.Kərimlinin fikrincə, bütün bunlar ailə hakimiyyətinin möhkəmlənməsindən ötrüdür: "Konstitusiyaya son vaxtlar edilən düzəlişlərin hamısı ailə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilib. Bu dəfə də istisna deyil. Bu dəfə də İlham Əliyevin şəxsi və ailə hakimiyyətini daha da genişləndirmək dəyişikliklərin əsas məqsəddir. Burda ikinci dərəcəli məqsədlər də var. Fikirləşirlər, bir halda ki, referendum keçirib Konstitusiyanı dəyişirik, prezidentin səlahiyyətini bir az da genişləndirək. Prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Hərçənd ki, Milli Məclisi buraxmaq nəylərinə lazımdır, anlamaq çətindir. Onsuz da Milli Məclisi özləri təyin edir".
Son prezident seçkilərin müxalifətin vahid namizədi, Milli Şuranın sədri Cəmil Həsənli də düşünür ki, bu dəyişikliklər ölkəni, demokratiyanı inkişaf etdirmək üçün deyil: "Ölkəni dəyişmək lazımdır, Konstitusiyanı yox. Ölkəni inkişaf etdirmək, təkmilləşdirmək, demokratikləşdirmək lazımdır. Bu dəyişikliklər nə demokratiyanı inkişaf etdirmək, nə də siyasi sistemi təkmiləşdirmək üçündür. Onlar ilk növbədə, ailə hakimiyyətinin əbədiləşdirilməsinə konstitusion təminatlar vermək üçün atılan addımlardır".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun