İyulun 23-də II və III qrup üzrə 30 minə yaxın abituriyent qəbul imtahanı verəcək

İyulun 23-də II və III qrup üzrə 30 minə yaxın abituriyent qəbul imtahanı verəcək
22 İyul 2016
Mətni dəyiş
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılacaq. İmtahanların idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunacaq.
İmtahanda 29196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 16197 abituriyent II qrup üzrə, 12999 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 26346 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 14340, III qrup üzrə 12006 nəfər), 2850 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur. Abituriyentlərin 13391 nəfəri oğlanlar (II qrup üzrə 10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15805 nəfəri isə qızlardır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər). 28069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 198 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir. Bakı şəhərində 12858, Naxçıvanda 1430, Gəncədə 3769, Sumqayıtda 1424, Mingəçevirdə 1424, Şəkidə 1748, Ağcabədidə 1261, Göyçayda 1320, Şirvanda 1055, Lənkəranda 1867, Xaçmazda isə 1006 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Abituriyentlər imtahana özləri ilə 2 sənədi - şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebooksəhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun