"Hillary Clinton prezident olmalıdır, başqa alternativ yoxdur"

"Hillary Clinton prezident olmalıdır, başqa alternativ yoxdur"
27 İyul 2016
Mətni dəyiş
Demokratlar Partiyasından prezidentliyə namizədlik yarışında Hillary Clinton-a məğlub olan senator Bernie Sanders tərəfdarlarını xanım Clinton-a səs verməyə çağırıb.
Hillary Clinton partiyasından prezidentliyə namizədliyini cümə axşamı qəbul edəcək.
“Hillary Clinton Birləşmiş Statların növbəti prezidenti olmalıdır. Başqa alternativ yoxdur”, cənab Sanders bildirib.
Senatorun bəzi tərəfdarları xanım Clinton-un adının hallanmasına səsli etirazlarını bildiriblər. Digərləri isə ağızlarını üzərinə “susdurulmuş” yazılan lentlə bağlayıblar.
Bernie Sanders-in bildirdiyinə görə xanım Clinton ölkənin real problemlərini başa düşür, iqtisadi və sosial bərabərsizliklə mübarizə üçün real həll yollarını təklif edir.
O, demokrat namizədin bu mənada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trump-dan fərqləndiyini də bildirib.
ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından Hillary Clinton prezidentlik uğrunda Respublikaçılar Partiyasının namizədi Donald Trump-la mübarizə aparacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun