Həyat sığortası nədir?

Həyat sığortası nədir?
24 İyul 2016
Mətni dəyiş
Sığorta - şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Əlimizdə olan bütün dəyərli şeyləri: maşınımızı, evimizi, şirkətimizi və s. sığortalaya bilirik. Bəs ən dəyərli olan həyatımızı necə?
Həyat sığortası nədir? Nə kimi faydaları vardır? Hansı şərtlərlə sığortalanır?
Həyat sığortası bütün sığorta növləri içərisində ən vaciblərindən biridir. Sığorta müqavilə ilə yalnız fiziki şəxslərlə bağlanılır. Sığortaçı təşkilat sığortalananları seçərkən üç başlıca amili əsas götürür: yaş, sağlamlıq dərəcəsi, vətəndaşlıq. Sığortalanmış şəxs sığorta müqaviləsinin fəaliyyət göstərdiyi müddətdə yaşayış və ya iş yerini dəyişərsə, o, müqavilə ödənişlərini köçdüyü şəhərin və rayonun sığorta şöbələrində ödəmək hüququna malikdir. Onun ərizəsinə əsasən, təzə ödəniş yeri üçün lazım olan hesab vərəqəsi tərtib olunur.
Azərbaycanda həyat sığortası iki formada gerçəkləşdirlir. Birincisi, müddətli sığorta, ikincisi qarışıq sığorta. Əgər sığortalı həyatını qarışıq sığorta vasitəsi ilə sığortalatsa sığorta müddəti ərzində dünyasını dəyişərsə onun sığorta haqqı müqaviləsində göstərdiyi varisinə ödənilir. Yox, əgər sığorta müddəti ərzində sığortalının başına bədbəxt bir hadisə gəlməzsə müddətin sonunda məbləğ onun özünə ödənilir. Sığorta müqaviləsi 3, 5, 10, 15 və 20 il müddətinə bağlana bilər, amma bu şərtlə ki, müştərinin yaşı həmin vaxtadək 80-i keçməsin. Vətəndaşların əksəriyyəti 5 illik müqaviləyə üstünlük verir. Əgər sığortalanın başına sığorta müddəti ərzində bədbəxt hadisə gələrsə, onda onun əmək haqqının 10 və ya 12 misli miqdarında sığorta haqqı onun ailəsinə ödənilir. Yəni sığorta şirkəti tərəfindən edilən ödənişin həcmi qanunvericiliyin qoyduğu qayda ilə hesablanır. Sığorta ödənişinin maksimal həddi işçinin bir illik əmək haqqı fondundan 10-12 dəfə çox ola bilər. Bundan əlavə, əgər başınıza hərhansı bir hadisə gəlsə və işləmək hüququndan məhrum olsanız, həyat sığortanız aylıq ödənişlərlə ev iqtisadiyyatınıza dəstək, təhsil alan övladlarınız varsa, oların təhsili bitirməsində maddi kömək olur. İlkin xəstəxana ödənişlərində də həyat sığortanız mühim rol oynayır. Sığorta məsuliyyətinin həyatın qarışıq sığortası ilə müəyyənləşən həcmində bu sığorta halları nəzərdə tutulur: Sığorta olunanın şəxsin sığorta müddəti bitənədək yaşaması. Burada sığorta məbləğinin ödənilməli olduğu sığorta halı sığorta olunmuş şəxsin müqavilənin qüvvədə olduğu son günədək yaşamasıdır. Bu, o deməkdir ki, müqavilə son günədək qüvvədə qalmalı, yəni sığorta məbləği tam ödənilməlidir (aybay, yaxud birdəfəlik). Sığorta məbləğinin alınması hüququ sığorta müddəti bitəndən sonrakı gün qüvvəyə minir. Bu zaman tam sığorta məbləği ölçüsündə ödəniş sığorta olunmuş şəxsin müqavilənin fəaliyyət göstərdiyi müddətdə baş vermiş bədbəxt hadisənin nəticələrinə görə ödəniş alıb-almamasından asılı olmayaraq verilir. Bu şərt sığorta tariflərindəki netto-dərəcələrdən irəli gəlir. Sığorta məbləği müqavilənin müddəti başa çatandan sonra üç il ərzində verilir.
Bədbəxt hadisə nəticəsində sağlamlığın itirilməsi. Müqavilə qüvvədə olduğu müddətdə sığorta olunmuş şəxslə bağlı bədbəxt hadisə baş verərsə, bunun nəticəsində o, müqavilədə nəzərdə tutulmuş bədən xəsarəti alarsa, sığorta məbləğinin ya sağlamlıq itkisinə uyğun bir hissəsi, ya da hamısı ödənilir. Ödəniş prinsipləri bədbəxt hadisədən sığorta zamanı olduğu kimidir.
Sığortalanmış şəxsin ölməsi. Bu sığorta halının baş verməsi təyin olunmuş sığorta məbləğinin sığorta olunan şəxs sağ ikən təyin etdiyi verilməsini nəzərdə tutur. Ölümün səbəbi əvvəlcədən razılaşdırılmış hallardan başqa istənilən hadisə ola bilər. Sığorta müqavilələri sığortalanmış şəxslərin ilkin həkim müayinəsi və sığortaya qəbul edilmək üçün tibbi əks-göstəriş olmadan bağlandığından, qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortalanmanın ilk mərhələsində xəstəlikdən ölmə halları üzrə sığorta məsuliyyətini məhdudlaşdırmaq zərurəti yaranır. Bununla da sığortalanmış şəxslər arasındakı ölüm hallarının tarif səviyyəsində saxlanılması təmin olunur. Məsələn, qaydalarda nəzərdə tutula bilər ki, sığortalanmış şəxs sığortalandıqdan sonrakı 6 ay ərzində yaman şişlərdən və ya ürək-damar xəstəliklərindən vəfat edərsə, ona sığorta məbləği ödənmir. Bu dövrdə sığorta məhdudiyyətinin məhdudlaşdırılması, bir o qədər əsası olmasa da, intihar hallarına da şamil edilir. Yeddinci aydan etibarən xəstəlikdən ölmə halı üzrə tam sığorta məsuliyyəti başlanır. Bütün sığorta müddəti ərzində sığortalanmış şəxsin qəsdən cinayət törətməsi və müqavilədə razılaşdırılmış bir sıra digər hüquq pozuntuları nəticəsində ölümü ilə bağlı sanksiyalar fəaliyyət göstərir. Bu sanksiyalara görə, tam sığorta məbləği əvəzinə onun ölüm gününədək ödənilmiş hissəsi qaytarılır.
Beləliklə, həyatın qarışıq sığortasına əsasən, səbəbindən asılı olmayaraq ölüm üçün sığorta məsuliyyəti fəaliyyət göstərir. Əgər siz həyatın müddətli sığortası proqramını seçsəniz, bu zaman sığorta məbləği sığorta olunan şəxsin sığorta müddəti ərzində həyatını dəyişməsi və ya əlillik qrupunun alınması halında faydalanan şəxsə ödənilir. Bu şəxs sığorta olunan, qanun üzrə vərəsə və ya müqavilədə göstərilən digər şəxs ola bilər. Bununla belə sığorta şirkəti tərəfindən ödənilən məbləğ əvvəlcədən ödənilmiş sığorta haqqından qat-qat yüksək olur. Həyat sığortasına o növlər daxil edilir ki, orada sığorta obyekti kimi insanın həyatı çıxış edir. Həyat sığortası müqavilələri azı bir 3 müddətinə bağlandığından burada əmanət və risk funksiyaları birləşə bilər. Məsələn, xarici ölkələrdə məşhur olan belə sığorta növü ölüm halının və həyatın son çağının sığortalanmasıdır.
Həyat sığortası polisləri bir neçə qrupa bölünür:
– Təcili sığortalama. Müqavilədə nəzərdə tutulmuş müəyyən müddətdə ölümün mümkünlüyündən müdafiə üçün istifadə olunur. Ölüm müqavilədə göstərilmiş müddətdə baş vermirsə, heç bir sığorta ödənişi verilmir, sığortaçı köçürdüyü sığorta pulunu geri ala bilmir. Buna görə də sığorta pulu çox aşağı olur.
– Ömürlük sığortalama. Həyatın müdafiəsi üçün istifadə edilir. Sığorta məbləği sığortalanan şəxs öldükdə verilir. Ömürlük sığorta müqavilələri uzun müddətə bağlanılır. Buna görə də ömürlük sığorta polislərinə investisiya tərkibləri daxil edilir və müəyyən mərhələdə onlar gəlir gətirir.
– Ömrün son çağının sığortalanması. İnvestisiya əməliyyatı kimi gerçəkləşdirilir, bu zaman müqavilələr investisiya sazişləri kimi bağlanır. Burada polislər sığorta məbləğinin müəyyən gələcək vaxtda və ya bu müddət başa çatmamış ölüm halı baş verdikdə ödənməsini nəzərdə tutur. Bu polislərdə müdafiə elementi iştirak edir.
Kimlər həyatını sığortalaya bilər?
Bu məsələ sığortalının iş və statusu ilə əlaqəlidir. Orta aylıq əmək haqqı ( Azərbaycanda bu 466,4 AZN-dir) alan hər bir vətəndaş çox az bir məbləğə öz həyatını sığortalaya bilər.Həyat sığortası olunanlar yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə fəhlə və qulluqçu heyətinə bölünür. Fəhlə heyəti - məhsulun istehsalı, xidmətin həyata keçirilməsi ilə, həmçinin təmir, yüklərin daşınması, təmizlik, saxlama, mühafizə və digər bu kimi işlərlə birbaşa məşğul olan heyətdir. Qulluqçu heyəti- uyğun olaraq rəhbərlik, mütəxəssis və texniki icraçılara aid işlərin və ya xidmətlərin yerinə yetirilməsi ilə məşğul olan heyət hesab olunur.
Bəs Azərbaycanda Həyat sığortasına münasibət necədir?
Elçin Tanrıverdiyev ( mühəndis) : Fikrimcə, həyat sığortasından hər kəs istifadə etməlidir. Azərbaycan bu işdə güvənəcəyim sığorta şirkətləri azdır: “Paşa -life”, ilklərdən olan “Atəşgah” Axa.mbask belələrindəndir. Qiymət məsələsinə gəldikdə isə, 300 AZN olsa belə, ödəyərəm.
Kərəm Məmmədov (tələbə) : Azərbaycandakı sığorta şirkətlərindən narazıyam. Süründürməçilik, fırıldaqlıq, bürokratiya və s. əsas səbəblərdir. Həyat sığortası üçün müəyyən şərtlər var. Sığorta etdirən şəxs sağlam olmalıdır, düzgün qidalanmalıdır və s. Firma ödəyəcəyi sığorta pulunu azaltmaq üçün həkimdən yanlış arayış da ala bilər və ya başqa yollara əl ata bilər. Üstəlik bizim sığorta şirkətlərimiz yüklü miqdarda pul ödəmir. Ona görə də Azərbaycanda həyat sığortası məni cəlb etmir.
Pərvanə Qurbanlı (mühasib) : Həyat sığortası bir növ yatırımdır, sadəcə bank yatırımdan üstünlüyü faiz məsələsidir. Yaşadığın müddətcə özünü, həyatını itirəndən sonra yaxınlarını düşünməkdir. Normal gəlirli işim olsaydı., mən də həyatımı sığorta etdirərdim. Nəzərə alanda ki, sonda ayırdığım məbləğ yüksək faizlə özümə və ya yaxınlarıma qayıdacaq, illik məbləğin çox olmasında problem görmürəm.Sığorta şirktlərinin məbləğ bazarından məlumatsızam deyə konkret rəqəm deməkdə çətinlik çəkirəm.
Vüqar Baba (PR mütəxəssisi) : İnsanın başına nə vaxt nə gələcəyi məlum deyil. Və gələndə də - məsələn ağır xəstəliyə düşsə, qəza nəticəsində çox ağır xəsarətlər alanda ona sağalmaq üçün böyük pullar lazım olur. Amma həyat boyu o pulu yığmaq çətin məsələdir. Çox adam maddi baxımdan bu tip hadisələrə hazırlıqlı olmur. Sığorta isə həmin xərcləri ödəyə bilər. Azərbaycanda həm öz adıma, həm tanıdığım şəxslərin fikrlərindən çıxış edərək nəinki həyat, ümumiyyətlə sığortaya inamın az olduğunu hiss edirəm. Sığorta şirkətləri hadisə baş verəndən sonra kömək etməkdən daha çox, müqavilədə göstərilən və göstərilməyən məsələlərdən istifadə edərək ödəniş etməkdən necə yayına bilmək üzərində çalışır. Yəni, "sənin halın bizim sığorta şərtlərində olmadığı üçün heç nə edə bilmərik" deyirlər adətən insanlara. Və bu şirkətlər çox böyük şirkətlrə olduğu üçün sadə vətəndaşlar bu şirkətlərə qarşı da heç nə edə bilmir. Bu səbəblərdən indiki halda mən sığorta etdirməzdim. Ona aylıq, yaxud illik ödəyəcəyim pulu itki hesab edərəm. Məbləğ göstərilən şərtlərə görə dəyişə bilər. Bazarı, insanların ödəmə qabiliyyətini filan nəzərə almaq lazımdır. Bu barədə dəqiq rəqəm deyə bilməyəcəyəm.
Leyla Həsənova (tələbə) : Həyat sığortası təbii ki, lazımdır. Ancaq bu, insanın özünün özünə yox, dövlətin vətəndaşına təmin etməli olduğu haqqıdır. Yuxarı təbəqə özünə birinci sinif sığorta etdirmək imkanına sahib olduğu təqdirdə, orta və alt təbəqənin vəziyyəti necə olacaq? Bunlar, xüsusilə alt təbəqə öz başının çarəsinə özü baxmalı olur. Və o, aldığı aşağı maaşla özəl sığorta etdirmək şansına sahib deyil. Bu kimi səbəblərdən də bunu dövlət hər vətəndaşı üçün təmin etməlidir. Hansısa vətəndaşın həyatı digərindən daha dəyərli görülməməlidir. Özəl sığorta şirkətləri isə insanların "həyat dəyərlərini" sığortanın tam yaxud şərtli maddələri ilə ölçür. Azərbaycandaki özəl sığorta şirkətlərinin qiymətlərindən xəbərim yoxdur, amma təxmin edirəm ki, bu, simvolik qiymət deyil.
Statistika göstərir ki, ABŞ və Qərbi Avropa ölkələrinin əhalisinin 80%-i toplam həyat sığortası polislərini əldə ediblər , bu isə bazarın ümumi həcminin 60-70%-ni təşkil edir.Qərb ölkələrində həyat sığortasının  bu cür böyük populyarlığını əhalinin  yüksək sığorta mədəniyyəti və bunun nəticəsi  olaraq, gəlirin əldə edilməsinə zəmanət verən sərmayə üsulları  haqqında kifayət  qədər məlumatlı olması ilə izah etmək olar.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun