Amnistiyaya düşən Fərəc Kərimli niyə buraxılmır?

Amnistiyaya düşən Fərəc Kərimli niyə buraxılmır?
23 İyul 2016
Mətni dəyiş
Amnistiya aktına düşən Müsavat partiyasının fəalı Fərəc Kərimlinin azadlığa buraxılması prosesi "qərəzli olaraq ləngidilir", hüquq müdafiəçisi Nemət Kərimli BBC Azərbaycancaya deyib.
Vəkil düşünür ki, Fərəc Kərimlinin buraxılması haqqında bütün sənədlər hazır olsa da "vicdan məhbusu olduğuna görə" onun azadlığa buraxılması "uzadılır".
Amnistiya aktına düşən insanların sənədlərinə "heç bir halda fərdi yanaşılmır" və bütün sənədlər hazırlanan kimi məhbuslar etap-etap buraxılır, Penitensiar Xidmətin mətbuat xidmətindən BBC Azərbaycancaya məlumat verilib.
28 May - Respublika Günü münasibətilə Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə Amnistiya Aktı qəbul edilib.
İyunun 14-də qüvvəyə minən aktın icra müddəti 4 aydır. Akt 10 min şəxsə şamil edilib ki, hazırda həbsdə olan 3500-ə yaxın məhbusun da azad olunması nəzərdə tutulub.
"Siyasi adamlar üçün iki qərar"
Vəkil Nemət Kərimli deyir ki, hüquqi cəhətdən Fərəc Kərimlinin azadlığa buraxılmasının "ləngidilməsində" qanunsuz heç bir şey yoxdur və onu "istəsələr 3 ay 29 gündən sonra da buraxa bilərlər".
Cənab Kərimli "ləngimənin" səbəbini dəqiqləşdirmək üçün həbsxana rəhbərliyinə müraciət etmədiyini desə də düşünür ki, o, "vicdan məhbusu" və Müsavat partiyasının fəalı olduğuna görə ona "qərəzli yanaşılır və buraxılmır".
"Yəni bu siyasi adamlar üçün iki qərar olur: bir amnistiya qərarı, bir də siyasi qərar. Görünür, burda siyasi qərar hələ də verilməyib", o əlavə edir.
Penitensiar Xidmətin mətbuat xidməti bildirir ki, məhbusların azadlığa buraxılması kompleks işdir və qurum, aktın icra müddəti 4 ay göstərilsə də prosesi "hər dəfə 2 aya, 2 ay yarıma qədər başa çatdırır".
"Amnistiya aktının icrası üçün neçə ünvana sorğu göndərilir. Gərək sorğuların hamısının cavabı alınsın. Amnistiya aktı o insanlara bir başa tətbiq olunur ki, cəzasının bitməsinə 6 ay qalmış olsun. Onda onlar dərhal azad olunur", qurumun sözçüsü bildirir.
Qurum nümayəndəsinin sözlərinə görə, cəzanı icra edən orqan olaraq onlar özləri marağındadır ki, məhbusların sənədləşməsi "heç bir sual doğurmadığı halda onları dərhal azad etsinlər".
"Yuxarı instansiya"
Fəal Rəsul Cəfərovun sözlərinə görə, Fərəc Kərimliyə həbsxanada bildirilib ki, "onun bütün sənədləri gəlib, sadəcə yuxarı instansiyalardan təsdiq gözləyirlər".
O ehtimal edir ki, "yuxarı instansiya" deyiləndə həbsxanaların tabe olduğu "penitensiar xidmət" nəzərdə tutulur.
"Bu, o halda çox vaxt aparır ki, şəxsin işi ilə bağlı hansısa əlavə məlumat və sənədlərə ehtiyac olur. Fərəcdə hansısa texniki problem yoxdur; məhkəmə qəraralarının hamısı cəzaçəkmə müəssisəsindədir, amnistiya aktının sürəti də, icrası ilə bağlı göstərişlər də hamısı cəzaçəkmə müəssisəsindədir", cənab Cəfərov "hər şey hazırdırsa niyə buraxmırlar" deyə sual edir.
Məhbusun qardaşı Sirac Kərimli düşünür ki, həbsxananın "fikri qardaşını nə qədər bacarırlar çox saxlayıb ən axırda onu buraxmaqdır".
"Təsəvvür edin, yanındakı narkomanları buraxırlar, amma Fərəci hələ buraxmayıblar. Hamısı eyni Fərəcin maddəsi ilə amnistiya aktına düşüb", deyə Sirac Kərimli ailəlikcə evdə qardaşını gözlədiklərinidən bəhs edir.
Amnistiya aktının məhkuma tətbiq olunması haqda qərarı cəzaçəkmə müəssisə deyil, tərtib olunmuş siyahıya əsasən aidiyyatı ərazi üzrə prokurorluq verir, Penitensiar Xidmətin mətbuat xidmətindən BBC Azərbaycancaya deyilib.
"Həbsxana yalnız icra ilə məşğuldur. Bu, səbr olunmalı məsələdir. Burda bir nəfərdən söhbət getmir. Onların sənədlərinə kompleks baxılır", qurum nümayəndəsi "narahatlığa ehtiyac yoxdur" deyir.
Fərəc Kərimli 2014-cü ilin iyul ayında saxlanılıb və ona qarşı cinayət məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsinin bir neçə bəndi ilə cinayət işi açılaraq 6 il yarım azadlıqdan məhrum edilib. Sonradan bu cəza 3 ilə qədər endirilib.
İnsan Haqları üzrə kampaniyaçı Amnesty İnternational təşkilatı Fərəc Kərimlini vicdan məhbusu kimi tanıyır.
Azərbaycan hökuməti ölkədə vicdan məhbusunun olmadığını bildirir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun