Turqut Qəmbər - Ərdoğanı hərbçilər yox, xalq yola salmalıdır

Turqut Qəmbər - Ərdoğanı hərbçilər yox, xalq yola salmalıdır
18 İyul 2016
Mətni dəyiş
Turqut Qəmbər
Ərdoğan avtoritar liderdir. Onun hakimiyyəti dövründə Türkiyənin avtoritarlaşması, ölkədə mətbuatın boğulması, ümumiyyətlə, müxalif fikrə qarşı dözümsüzlüyün artması danılmazdır.
Ərdoğanın  dindar olması, dini ritorikadan gen-bol istifadə etməsi, son qiyam hadisələrində məscidlərdən açıq-aşkar siyasi məqsədlərlə istifadə etməsi Türkiyədə siyasi İslamın güclənməsinə dair narahatlıqları artırır. Ərdoğan Türkiyəsində demokratiya adına yalnız seçkilərin qalmasının fəsadları da göz önündədir.
Ərdoğan düşünür ki, seçkiləri udursa, hakimiyyətə gəlirsə, istədiyi qərarları verə bilər, seçkidə uduzan azlığı (ölkənin ona səs verməyən digər yarısı) görməzdən gələ bilər, onu müxtəlif formalarda əzə bilər. Adamın demokratiya anlayışı yalnız seçki ilə məhdudlaşır.
Bəli, Türkiyədə seçkilərlə bağlı bəzi şübhələr var, kiçik miqyasda saxtakarlığın olması ehtimal edilir, amma ümumi konsensus ondan ibarətdir ki, seçki prosesi əsasən azad keçir, bu pozuntular ümumi nəticəyə təsir etmirlər.
Türkiyənin əhəmiyyətli kəsiminin (sekulyarlar, liberallar, solçular, kemalistlər və s.) Ərdoğanı bir fərd kimi və bir dindar zehniyyətin sahibi kimi patoloji olaraq qəbul etməməsinə baxmayaraq, Ərdoğan və AKP son seçkilərin hamısında qalib gəlib, çoxluğu qazana bilmədiyi yeganə seçkidə isə müxalifət toparlanıb hökumət qura bilməyib.
Necə olur ki, Ərdoğan bu qədər avtoritar, korrupsiyaya bulaşmış rəhbər olmasına baxmayaraq, Türkiyə Cumhuriyyətinin dünyəvilik prinsiplərinə aşkar təhlükə yaratmasına baxmayaraq, Türkiyə seçicisinin təxminən yarısı hər dəfə ona səs verir?
Hərbi çevriliş çıxış yoludur? 
Türkiyə hərbi çevriliş
Atatürk cumhuriyyəti qurarkən modernlik adına dindar kəsimi repressiyalara məruz qoyub. 1960-cı ildə baş verən ilk hərbi çevriliş mühafizəkar və dindar kəsimə daha çox xitab edən Adnan Menderesə qarşı oldu və onun edamı ilə nəticələndi.
1997-ci ildə hərbçilərin təzyiqi nəticəsində sadə xalq arasında populyar olan dindar Nəcməttin Ərbakan baş nazir vəzifəsindən istefaya getməli oldu. Uzun illər başörtülü qızlara universitet təhsili almağa imkan verilməyib.
Qısası, kemalist və hərbi elita uzun müddət Türkiyənin əksəriyyətini təşkil edən dindar və mühafizəkar kəsimə ögey münasibət bəsləyib.
Ərdoğanın hakimiyyətə gəlməsi və bütün aşkar pis cəhətlərinə baxmayaraq hər dəfə seçkiləri udması mühafizəkar kəsimin həmin bu ögey münasibətə təpkisidir. Adıçəkilən hər iki hərbi çevriliş həmin məqamda dindarlarin hakimiyyətdən getməsini təmin etsə də, uzun vadədə mühafizəkar kəsimin elitaya, "bəyaz türklərə" qarşı hiddətini artırdı.
Həmin hərbi çevrilişlər təbii siyasi proseslərin axarına mane olaraq Türkiyənin mühafizəkarlıq problemini həll etməkdənsə, onu dərinə basdıraraq daha problemli formada üzə çıxardı.
Odur ki, hərbi çevriliş heç bir halda çıxış yolu deyil. Uğur qazanan hərbi çevrilişlər problemi həll etmirlər, problemi konservasiya edib, uzun perspektivdə Ərdoğan tipli adamları hakimiyyətə gətirirlər. Siyasi proseslərin təbii axarına mane olmamaq lazımdır.
Türkiyə seçicisi nə qədər mühafizəkar olsa da, tez və ya gec dəyişiklik istəyəcək, Ərdoğandan bezib, onu seçki yolu ilə yola salacaq. Hələ ki, Türkiyə xalqının seçki imkanı var, hələ ki, seçki institutu məhv olmayıb, ondan istifadə etmək lazımdır. Yalnız xalqın iradəsi Türkiyədə dayanıqlı dəyişikliyi təmin edə bilər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun