Ərdoğan məhkəmələrə nəzarəti ələ keçirir

Ərdoğan məhkəmələrə nəzarəti ələ keçirir
2 İyul 2016
Mətni dəyiş
Türkiyə parlamenti məhkəmələrdə köklü dəyişiklikləri nəzərdə tutan qanun layihəsini qəbul edib.
Prezident Recep Tayyip Erdoğanın tənqidçiləri bu qanunun qəbulunu onun qələbəsi kimi təqdim edir, Reuters xəbər verir.
Tənqidçilər deyir ki, bu qanun ona başağrısı olan hakimləri işdən çıxarmaq və ədliyyə sisteminin ipini əlinə yığmağa yardım edəcək.
Hakim AK partiyası bildirib ki, qanun hüquq sistemini təmizləyəcək.
Lakin tənqidçilər deyir ki, bu, prezident idarə üsulunu tətbiq etmək üçün konstitusiya dəyişikliyinə çalışan Erdoğana əlavə güc verir.
Ana müxalif partiyası CHP bildirib ki, Konstitusiya Məhkəməsinə qanunun qəbulundan şikayət verəcək, lakin onun işi qazanması şübhəlidir.
Avropa İttifaqı dəfələrlə Türkiyədə ədliyyə sisteminin müstəqilliyini itirməsi barədə narahatlığını açıqlayıb.
Aİ rəsmiləri isə ölkənin Avropa standartlarından uzaqlaşması və Aİ-yə üzvlük müraciətinə kölgə salan digər halların olması barədə xəbərdarlıq edib.
Yeni qanuna görə, iki ali məhkəmədə - vətəndaşların hökumətə qarşı şikayətlərini verdiyi Dövlət Şurası və Ali Apellyasiya Məhkəməsinin 711 hakimi işdən çıxarılacaq. Onlar arasından neçə nəfərin yenidən hakim təyin ediləcəyi bilinmir.
Yeni hakimləri Hakimlərin və Prokurorların Ali Şurası təyin edəcək. Bu şura Ədliyyə Nazirliyinin nəzarəti altındadır.
Cənab Erdoğan da Ali Şuranın hakimlərinin dörtdə birini təyin edə biləcək. Bu isə ölkənin ən mühüm hüquq qurumunda tərəfdaşlarının olmasına gətirə bilər.
AKP isə deyir ki, bu ədliyyə sistemini bataqlıqdan qurtaracaq, başqa sözlə baxılmamış 2 milyon işi yenidən gündəmə gətirəcək.
Mənbə: BBC Azeri

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun