Əjdahanın qurbanına çevrilənlər

Əjdahanın qurbanına çevrilənlər
28 İyul 2016
Mətni dəyiş
Rəşad Babalı
Türkiyədə hər dövrün, hər iqtidarın adamı kimi tanınan jurnalist Nazlı Ilıcak 15 iyul çevrilişinə cəhddə günahlandırılaraq saxlanılıb. Onunla birlikdə haqqında həbs qəti imkan tədbiri seçilən media işçilərinin sayı 42 nəfərdi.
Çevriliş cəhdindən R.T.Ərdoğan real və potensial rəqiblərini təmizləmək üçün istifadə edir. Minlərlə polis, hərbiçi, məmur, həkim, müəllim, hətta məscid imamı işdən çıxarılıb, bəziləri isə saxlanılıb.
Tutulanların içərisində vaxtilə Ərdoğanı və AKP-ni cani-dildən müdafiə edən, xidmətlərində duranların olduğunu görəndə xüsusi bir həzz duyuram.
İnsanların başına gələn fəlakətlərdən ləzzət almaq kimi özəlliyim yoxdu. Ancaq şərin, pisin, güclünün yanında olmaq üçün şüurlu seçim edənlərin elə öz “əjdaha”ları tərəfindən yeyilməsi görülməyə layiq mənzərədi.
Ömür boyu keçiyində durduqları adam, sistem onları “yeyir". Getdikcə daha da çoxunu “yeyəcək". Çünki mahiyyəti bunu tələb edir. Avtoritar quruluşlarda sadiqlik insanları sığortalamır. Rəhbər taleyüklü olmayan məsələlərdə belə illəri ona həsr etmiş sadiq qulluqçularını xərcləyə bilir.
Bunun örnəyi saysız hesabsızdır. Hansısa despotik liderdən fərqli davranış da gözləmək əbəsdi. Ona görə ki, başqa cür davransa, özünə təhlükə yaradır. Necə deyərlər despot çevrəsini “yeməklə" yaşayır.
ANS TV və ÇM radiolarının bağlanmasına da bu nəzərlə baxıram. 2006-ci ildəki 17 günlük bağlanışdan sonra kanal rəhbərliyi paylarını alıb “qiblə”lərini konkret müəyyən etdilər. Əvvəllər tənqid edə bildikləri məmur ranqı daha da aşağı düşdü. Roma papasından artıq katolik olma yarışına girib hakimiyyətin əsas təbliğatçısı olan kanalları ötüb keçməyə cəhd etdilər. Dəridən qapıqdan çıxırdılar.
Mirşahin hər dəfə “dövlətçilik” deyib beynəlxalq təşkilatlardan Azərbaycan hakimiyyətinə edilən təzyiqləri pisləyirdi. Hətta müxalif və azad mediaya qarşı basqıları “dövlətçilik” maraqlarıyla haqq qazandırmışdılar. İndi isə özləri bu maraqlara qurban getdilər.
“Əjdaha qardaş”a güvənib sonra onun tərəfindən yeyilənlərə sahib çıxmaq ədalət prinsipinə də ziddi. Tərəfində durduqları sistem tərəfindən cəzalandırılmaqları və heç kimin də onlara dəstək verməmələri başqalarına görkdür. Onların ortada qaldıqlarını görən 100 nəfərdən 10-u anlasa bəsdi.
Bir müsibət min nəsihətdən daha təsirlidi deyə bir atalar sözü var. Yuxarıda göstərdiyim nümunələr həmin qəbildəndir. Digərləri də “gözü çıxmış qardaş”dan paylarını götürsələr gələcək talelərini dəyişə bilərlər. Amma belə baxıram ki, hələ çoxu əjdahanın yeminə çevriləcək. Onlara bəri başdan üzülmürəm.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun