Ermənistan viza qaydalarını dəyişdirib

Ermənistan viza qaydalarını dəyişdirib
19 İyun 2016
Mətni dəyiş

İranla Ermənistan arasında viza rejimi ləğv edilib. ANS-Pressin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan və İran vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək ölkənin ərazisində qala biləcəklər.

İyunun 5-də Tehranda İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanmışdı. Razılaşma Ermənistan parlamentində ratifikasiya edilib. 

İran və Ermənistan tərəfi bunun iki ölkə arasında iqtisadi, ticarət və başqa əlaqələrin daha da inkişaf etməsinə imkan yaradacağına inanır.  

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan 2016-ci il fevralın 29-da İsveçrə ilə imzalanmış saziş barəsində də danışıb. Onun sözlərinə görə, bundan sonra İsveçrə ilə Ermənistan arasında sadələşdirilmiş viza rejimi nəzərdə tutulur.

Bu viza rejimi əsasən Ermənistandan isveçrəyə gedən biznesmenlərə, şagird və tələbələrə, siyasi xadimlərə, dövlət qurumlarının nümayəndələrinə və s. bu kimi kateqoriyadan olanlara şamil ediləcək. 

İsveçrə və Ermənistan arasında viza 5 ilədək müddətə veriləcək. Bu, birtərəfli olacaq. Yəni sadələşdirilmiş vizadan Ermənistan vətəndaşları istifadə edə biləcəklər, isveçrəlilər isə Ermənistana vizasız da səfər edə bilər. 

Bundan əvvəl Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında hökumətin növbəti toplantısında vizaların ləğv edilməsi haqqında sazişin müzakirə ediləcəyi haqda məlumat dərc edilmişdi. 

Ermənistan və İran arasında viza rejimin ləğvi iyunun əvvəllərdə Tehranda təsdiqlənmişdi. 

Bu gün Ermənistan və İran xüsusilə enerji sahəsində ciddi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəqliyyat, ekologiya, səhiyyə, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahəsində də aparılır. 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun