Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 18 qərar çıxarıb

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 18 qərar çıxarıb
30 İyun 2016
Mətni dəyiş
İyunun 30-u Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 18 iş üzrə qərarlarını elan edib. Vəkil Əsabəli Mustafayev bu barədə açıqlama yayıb.
Vəkilin bildirdiyinə görə, bu şikayətlərdən 13-ü onun apardığı işlərdir. Bu qərarlarla mitinqdə iştiraka görə ərizəçilərin tutulması və inzibati həbs cəzasına cəlb olunmaları Konvensiyanın 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli araşdırma hüququ), 7-ci (qanunsuz cəzalandırmamaq) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrinin pozuntusu tanınmışdır. Kompensasiya hamıya eynidir, ümumi məbləğ 165 000 avro təşkil edir.
Əsabəli Mustafayev əlavə edib ki, yalnız bu ay və yalnız onun apardığı 15 belə iş üzrə Avropa Məhkəməsi qərar qəbul edib. Bu il ərzində isə oxşar işlərin sayı artıq 20-yə çatıb: "Bu fakt artıq sistemin nöqsanının və inzibati praktikanın göstəricisidir. Hakimiyyət nümayəndələri "bizdə məhkəmələr müstəqildir, bizdə bütün hüquqlar təmin olunub" ifadəsini işlətməmişdən qabaq bu qərarların oxumaqları məsləhətdir.
Şikayətçilər isə bunlardır: Məmməd İbrahim, Qurbanlı Əbülfəz, Hacıbəyli Rüfət, Budaqov Elşad, Carçıyev Orxan, Xalıqov Vaqif, Fərhadi Hafiz, Cərullayev Elçin, Kərimov İnqilab, Abbasov Şakir, Eyvazov Zülfiqar, Mirələmli Təzəxan və Həsənov Bəhruz. 
Avropa Məhkəməsi seçki işləri ilə də bağlı 4 qərarını elan edib. Bunlar Cərullayeva Dünyaxanımın, İltizam Əkbərlinin, Məmmədli Nürəddinin və Pələngov Nəbatalinin işləridir. Hər şikayətçiyə 10 000 avro və ümumilikdə hüquqi yardım üçün 4 000 avro, ümumilikdə 44 000 avro təzminat müəyyənləşdirilib . Birinci 3 işdə nümayəndə hörmətli İntiqam Əliyevdir. 
Bu gün Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun işi üzrə də qərar elan edib (nümayəndə S. Camalzadə). Kompensasiyanın məbləqi 20 900 avrodur. 
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun