İranda yeni prezident kim olacaq?

İranda yeni prezident kim olacaq?
5 May 2016
Mətni dəyiş
İranın keçmiş prezidenti Mahmoud Ahmadinejad və indiki lideri Hassan Rouhani növbəti seçkilərdə rəqib ola bilərlər. Azadlıq Radiosu «Stratfor»a istinadən yazır.
ABŞ Ali Məhkəməsi İranın dondurulmuş vəsaitindən 2 milyard dolların Tehrana verilməməsi barədə qərar çıxara bilər. Bu pulun İranla əlaqələndirilən hücumların qurbanlarına, onların qohumlarına kompensasiya kimi ödənməsi nəzərdə tutulur.
Bu məsələ İranda sərt xətt tərəfdarlarıyla praqmatik mühafizəkarlar arasında ziddiyyəti dərinləşdirib. İki cəbhənin önündə prezident Hassan Rouhani və onun sələfi Mahmoud Ahmadinejad durur. Mərkəzi Bankın rəhbəri, İranın vitse-prezidenti Ahmadinejad-ı suçlayır, onun prezidentliyi dövründə verilən qərarlarla vəsaitlərin Avropa banklarına yatırıldığını deyirlər. Ahmadinejad isə Rouhani-ni nüvə danışıqlarında zəif mövqe göstərməkdə ittiham edir, deyir ki, Tehrana sanksiyaların yumşaldılması ilə Birləşmiş Ştatlar İslam respublikasını maliyyə məsələsiylə hədələməyə başladı.
«Stratfor» yazır ki, sərt-xətt tərəfdarları Rouhani-nin yanlış idarəçiliyinin oğurluğa bərabər olduğunu iddia edirlər. Bu arada isə Ahmadinejad gələn ilki prezident seçkilərinə hazırlaşmasına eyham vurub. «Populist Ahmadinejad-ı yoxsullar, kənd əhalisi, mühafizəkar təbəqə hələ də dəstəkləyir. Görünür, İran sanksiyalardan sonra özünə gəlməyə çalışdıqca, iqtisadiyyatla bağlı hər bir qərara seçki öncəsi ictimai zərrəbinlə baxılacaq».
Rouhani və müttəfiqləri iqtisadi siyasətlərini təbliğ etsələr də, zaman onların xeyrinə işləmir. Nüvə sazişi onun prezidentlik müddətinin sonuna 18 ay qalmış icra olunmağa başladı. Administrasiyanın xarici sərmayədən fayda götürməsi isə hələ bir neçə il çəkəcək. Üstəlik, ölkənin maliyyə sistemi qlobal sistemə tam inteqrasiya etməyib.
«Stratfor» qeyd edir ki, Rouhani ali dini lider Ayətulla Ali Khamenei-nin cızdığı çərçivədən kənara çıxa bilmir. Ancaq Ahmadinejad-ın cəsarətli davranışı, ali dini liderə meydan oxumaq istəyi hakim elitanın ona dəstəyini azaltdı. Bu səbəbdən namizədləri təsdiqləyən Mühafizə Şurası hətta Ahmadinejad-ı seçkiyə buraxmaya da bilər. Məsələn, 2013-cü ildə keçmiş prezident Ali Akbar Hashemi Rafsanjani seçkiyə buraxılmadı. Ancaq Rouhani-yə rəqib ola biləcək mühafizəkar namizədlər yox deyil. Məsələn, Məclisin spikeri Ali Larijani və İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qüvvələrinin lideri Qassem Soleimani Khamanei-nin dəstəyini qazana bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun