"İlkin fenomeni" - Samir Əsədli yazır

"İlkin fenomeni" - Samir Əsədli yazır
5 May 2016
Mətni dəyiş
Saxta seçki, qeyri-demokratik yolla hakimiyyətə gələnlər həmişə savadlı, məntiqli, aydın baxışlı, mübariz insanlardan qorxurlar. Çünki cahil, avam adamlardan fərqli olaraq, savadlı insanları qorxutmaq və aldatmaq, onları istənilən kimi idarə etmək mümkün deyil. Məhz bunun nəticəsidir ki, əlində onlarla TV, radio, yüzlərlə qəzet, sayt olan hökümət müstəqilliyi qoruyub saxlamış tək-tük media orqanını da susdurmaq istəyir. Metro stansiyalarında hər növ pərakəndə satışa şərait yaradılır, yalnız qəzet və kitab satışına imkan vermirlər. Bir qayda olaraq avtoritar rejimlər xalqın qəzet, kitab oxumasını, ümumilikdə maariflənməsini istəmir. Belə rejimlər həmişə xalqı qorxu, xof altında saxlamağa, oxumalarına, savadlı olmalarına imkan verməməyə çalışır. Bu gün Azərbaycan gəncliyinin fəal kəsimi demokratik idarəçilik tərəfdarları və onun uğrunda savaşanlardır. İndiki gənclik hərəkatı (partiya gənclər komitələri, ictimai yönümlü gənclər qurumları, bloggerlər və başqaları fərq qoymadan birlikdə çağdaş Azərbaycanın gənclik hərəkatını təşkil etdiyini qəbul etməliyik) rahat şəraitdə deyil, repressiya, təzyiq altında formalaşıb, ayaqda qalıb.
Son on ildə gənclərin kütləvi həbsinə başlanılandan sonra tam əminliklə deyə bilərik ki, gənclərin ölkənin demokratikləşməsində rolu artmaqdadı. Bu mübarizədə İlkin Rüstəmzadənin böyük əməyi olub. Gənclik illərinin bahar dövrünü həbsxanada keçirməsi heç də yalançı və böhtançı hakimiyyətin onu ittiham elədiyi "xuliqanlıq", "Harlem shake"lə bağlı deyil, məhz bu mübarizə, demokratiya amili ilə bağlıdır. İlkini aktiv vətəndaş mövqeyinə, az vaxt içərisində öz mübarizə əzminə, gənclər arasında geniş populyarlıq qazandığına görə həbs etdilər. Həmin vaxt keçirilən əsgər ölümləri ilə bağlı iki kütləvi aksiyada onun müstəsna rolu var idi. 12 yanvar və 10 mart aksiyaları gənclik hərakatının formalaşasında mühüm rol oynadı. 2013-cü ilin 26 yanvarında sosial şəbəkə vasitəsilə təşkil olunan İsmayıllıya dəstək aksiyasının da əsas əlaqələndiricisi İlkin idi.
Hakimiyyətin bütün repressiv addımlarına baxmayaraq, bu tədbirlərin kütləviliyinin təmin edilməsində, aksiyanın dinc, zorakı olmayan qaydada baş tutmasında İlkin Rüstəmzadəninböyük rolu olmuşdur. 21 yaşlı İlkinin cəmiyyətdən təcrid edilməsi, saxta və bir az da gülməli ittihamlarla həbs edilməsi onun bu aksiyalardakı təşkilatçılığı, gənclər arasında nüfuzu və mübarizə əzmi ilə bağlı idi. İlkin 2009-cu ildə Azərbaycan İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinə daxil olub. Bu həbs onun təhsilini yarımçıq qoydu. Amma İlkin vətənpərvərlik, azad düşüncə uğrunda mübarizə imtahanından alnı açıq çıxdı və ən böyük universitet olan həyat ona kamillik diplomu verdi. Natamamlıq girdabına yuvarlanmış bir ölkədə 24 yaşında kamillik diplomu almaq hər gəncə nəsib olmur. İlkin indi 24 yaşına doğru gedir, ancaq çox insanda olmayan müdriklik, dəyanət və dözüm var bu oğlanda. İlkininə deyiləcək başqa bir söz varmı?! Sadəcə və sadəcə, "Səninlə fəxr edirik, İlkin!"
Samir Əsədli
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun