Amnesty Xədicə ilə bağlı kampaniyaya başlayır

Amnesty Xədicə ilə bağlı kampaniyaya başlayır
29 Aprel 2016
Mətni dəyiş
Amnesty International vurğulayır ki, Azərbaycan hakimiyyəti insan haqlarıyla bağlı tənqidə çox həssas yanaşır.
Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı həbsdə olan jurnalist Xədicə İsmayılovaya görə kampaniyaya başlayır.
Qurum bildirir ki, Xədicə Ismayılova korrupsiyanı üzə çıxardığına görə həbsə atılıb, vicdan məhbusudur və dərhal azadlığa buraxılmalıdır. Hakimiyyət ona qarşı dövlətin nəzarətində olan mediada çirkin kampaniya aparıb, daha sonra qondarma ittihamlarla həbs edib.
Amerikanın Səsinin məlumatına görə beynəlxalq təşkilat vurğulayır ki, Azərbaycan hakimiyyəti insan haqlarıyla bağlı tənqidə çox həssas yanaşır.
“Rejimə siyasi məhbusların azadlığa buraxılmasından ötrü təzyiq göstərməyin vacib yolu medianın bu məsələyə diqqət ayırmasıdır. İyunun 17-də Bakıda Avropa Grand Prix yarışları keçiriləcək. Qurum bu tədbiri medianın diqqəti bu məsələyə yönəltməsi üçün böyük imkan sayır.
Hüquq-müdafiə təşkilatı təşəbbüsə qoşulanları dəvət edir ki, 1) Prezident İlham Əliyevə məktub yazaraq Xədicəni dərhal azadlığa buraxmağa və jurnalist araşdırmalarını maneəsiz davam etdirməsinə şərait yaratmağa çağırsınlar; 2) Avropa Grand Prix yarışları zamanı Xədicənin məsələsini ictimailəşdirsinlər; Xədicəyə və anası Elmira İsmayılovaya həmrəylik göstərsinlər, onlara yazsınlar.
Xədicə İsmayılova 2014-cü il dekabrın 5 də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Xədicə İsmayıl ittihamları rədd edir və həbsin səbəbini jurnalist fəaliyyəti, xüsusən hakimiyyətin korrupsiya əməllərinə dair araşdırmaları ilə izah edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun