Nazir: Xaricdə təhsil proqramı dayandırılır (yenilənib)

Nazir: Xaricdə təhsil proqramı dayandırılır (yenilənib)
4 Dekabr 2015
Mətni dəyiş
Mikayıl Cabbarov

Mikayıl Cabbarov

Mikayıl Cabbarov: “Yeni proqrama əsasən xaricə, əsasən PHD və magistr təhsili almaq istəyən gənclər göndəriləcək” Bu il xaricdə təhsil proqramının həyata keçirilməsi dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. APA-nın məlumatına görə, bunu Təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşü zamanı deyib. Nazir bildirib ki, yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. M.Cabbarov xarici ölkə ali məktəblərinin diplomlarının Azərbaycanda tanınması məsələsinə də toxunub. O, bildirib ki, bəzi ali məktəblərin verdikləri diplomların legitimliyi sual doğurur: “Bu sahədə qanunvericilikdə dəyişiklik edilməyib. Lakin Rusiyada təhsil alıb, öz fikrini rus dilində ifadə edə bilməyən məzunun diplomu təsdiq edilməyəcək və yalnız öz ölkəsində akkreditasiyadan keçmiş ali məktəbin diplomu Azərbaycanda tanına bilər”. Nazir, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda təxminən 3 minə yaxın xarici vətəndaş təhsil alır və onların yarısından çoxu Çindən gəlib. Təhsil naziri Mikayıl Cabbarovun açıqlamasını Meydan TV-yə şərh edən Harvard məzunu Bəxtiyar Hacıyev hesab edir ki, Azərbaycanda neft gəlirləri hesabına maliyyələşən dövlət proqramları arasında bəlkə də ən ağıllı sərmayə Xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsi ilə insanlarımıza, insan kapitalına yatırılmış sərmayə idi: “Onun bir illik də olsa, dayandırılmasını doğru addım kimi qəbul etmirəm”.
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev

Ancaq o, proqramın növbəti mərhələsində magistr və PhD dərəcəsi almaq istəyənlərə üstünlük verməsini və xarici mütəxəssislərin Azərbaycana dəvət edilməsini isə doğru addım kimi qəbul edir: “Birincisi, ona görə ki, artıq müəyyən ixtisas üzrə təhsil almış və təhsilini davam etdirməkdə maraqlı olan gənclərə, universitet illərindəki göstəriciləri əsasında təqaüd verilə bilər. İkincisi, 4 il bir tələbənin bakalavr pilləsində təhsilini maliyyələşdirməkdənsə, 1 illik magistr pilləsində 4, 2 illik magistr proqramında isə 2 tələbənin xərclərini ödəmək olar. İstənilən halda, proqramın format dəyişikliyi ilə də davam etməsi, birdəfəlik dayandırılmasından yaxşı olardı”. Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov isə 2007-15-ci illər üzrə Xaricdə təhsil üzrə Dövlət Proqramını xatırladaraq bildirdi ki, proqramın müddəti başa çatıb. İkinci, nazirin açıqlamasında söhbət xaricdə təhsilin dayandırılmasından getmir, sadəcə, proqram yeni formatda hazırlanacaq: “Başa çatan proqramda əsasən bakalavr pilləsində olanlar xaricdə təhsilə meylliydilər. Ancaq dövlət onların təhsilinə böyük vəsait xərcləsə də, bakalavr pilləsindən gedənlərin böyük əksəriyyəti geri qayıtmırlar. Bunun səbəbləri çoxdur, diplomların tanınmaması, iş tapa bilməmələri və sairə. Ona görə qərarı düzgün hesab edirəm. Ümumiyyətlə, bakalavr səviyyəsində xaricə təhsilə göndərməyə ehtiyac yoxdur. Yeni hazırlanacaq qaydalarda isə magistr və PhD dərəcəsi almaq istəyənlərə üstünlük üstünlük verilməsini doğru hesab edirəm. Bununla da savadlı gənclərin xaricə axnının müəyyən qədər qarşısı alınacaq. İkinci müsbət məqam odur ki, çoxlu tələbənin xaricə göndərilməsindənsə, güclü reytinqli universitetlərin müəllimləri Azərbaycan ali məktəblərinə dəvət olunacaq”.
Nadir İsrafilov

Nadir İsrafilov

Nadir İsrafilov düşünür ki, gec-tez xaricdə təhsil məsələsinə aydınlıq gətirilməliydi: “Amma məsələyə tam təfsilatıyla yanaşma yeni formatda hazırlanacaq qaydalarla tanış olacayıq. Hər halda ilkin variantı müsbət qarşılamaq olar. Təəssüf ki, xaricdə təhsil məsələsi kütləviləşmişdi, biri var dövlət tərəfindən göndərilən, biri də var fiziki şəxslər firmalar açıb hətta dükanlarda da reklam lövhələri vururdular. Buda müəyyən problemlər doğururdu ki, birini dedim, məsələn, diplomlar tanınmırdı. Bir daha deyirəm, nazirin açıqlaması xaricdə təhsilin dayandırılması anlamına gəlməməlidir, sadəcə, üstünlük magistr və PhD dərəcəsi alanlara veriləcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun